Nizami Gəncəvi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Nizami Gəncəvi, (Cənub Az.نظامی گنجوی)İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə - 1209, Gəncə)
Azərbaycan şairi və mütəfəkkiri.
Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa Ərəb dili və Fars dillərini də incəliklə bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1970-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Şirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrul un sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180 ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188 ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəmişdisə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196 ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən hümanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub o an bu qəhrəmanların heç birisinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının baş mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvi-nin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox xarici ölkə şəhərlərinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi tikilmişdir.
[redaktə / تحریر] Əsərləri
- Nizami.İsgəndərnamə: İqbalnamə.- B.: Lider, 2004.- 254 s.
- İsgəndərnamə: Şərəfnamə.
- Yeddi gözəl.
- Leyli və Məcnun.
- Lirika.
- Poemalar.
- Sirlər xəzinəsi.
- Xosrov və Şirin.
[redaktə / تحریر] Haqqında olan ədəbiyyat
- Babayeva T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi.- B., 2000.- 200 s.
- Kərimli T. Nizami və tarix.- B.: Elm, 2002.- 241s.
- Əlibəyzadə E. Nizami və tariximiz.- B., 2004.- 186 s.
- Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti.- B.: Ağrıdağ, 2003.- 212 s.
- Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti -.B.: Qartal, 1997.
- Əhmədov Ə. Nizami-Elmşünaslıq.-B., 2001.- 254 s.
[redaktə / تحریر] Xarici bağlantılar
- Biography of Nezami Ganjavi
- Bio: Nezami Ganjavi
- Nizami, Jamal al-Din Ilyas. A biography by Prof. Iraj Bashiri, University of Minnesota.
- Nezami's works in Persian
- The Legend of Leyli and Majnun